e. Müteəddi olmayan fellər
اَلْفِعْلُ غَيْرِ الْمُتَعَدِّي
وَ غَيْرُ الْمُتَعَدِّي؛ مَا يخَتَصُّ بِالْفَاعِلِ كَذَهَبَ زَيْدٌ. وَ لِتَعْدِيَتِهِ ثَلاَثَةُ أَسْبَابٍ؛ اَلْهَمْزَةُ، نَحْوُ؛ أَذْهَبْتُهُ، وَ تثْقِيلُ الْحَشْوِ، نَحْوُ؛ فَرَّحْتُهُ، وَ حَرْفُ الْجَرِّ، نَحْوُ؛ خَرَجْتُ بِهِ
وَ غَيْرُ الْمُتَعَدِّي və qeyri-mütəəddi (keçidsiz) yəni lazım felə gəldikdə; مَا يخَتَصُّ بِالْفَاعِلِ fel yalnız failə aid olur, məsələn, كَ ذَهَبَ زَيْدٌ "Zeyd getdi" kimi. وَ لِتَعْدِيَتِهِ ثَلاَثَةُ أَسْبَابٍ və qeyri-mütəəddi, yəni lazım felin mütəəddi, yəni keçidli felə çevrilməsi üçün üç səbəb var: اَلْهَمْزَةُ birincisi hemzə gətirməkdir, yəni İF'AL babına daxil etməkdir, misalı; أَذْهَبْتُهُ "Onu göndərdim" kimi. وَ تثْقِيلُ الْحَشْوِ ikincisi orta hərfi şiddətləndirmək, yəni ayn əl-feli şiddələmək, yəni felin TƏF'İL babına daxil olmasıdır, misalı; فَرَّحْتُهُ "Onu sevindirdim" kimi. وَ حَرْفُ الْجَرِّ üçüncüsü isə hərf-i cər ilə mef'ula təsir etməkdir, misalı; خَرَجْتُ بِهِ "Onu çıxardım" kimi.
Qeyri-Mütəəddi Fel
Təsiri yalnız əməli edən failə aid olan fellərə qeyri-mütəəddi, keçidsiz və ya lazım fel deyilir, misalı:
ذَهَبَ زَيْدٌ
"Zeyd getdi" kimidir. Bu tərkibdə fel ذَهَبَ və fail isə زَيْدٌ sözüdür. Failin etdiyi getmək əməli (الذِهَابُ) heç bir obyektə və ya subyektə təsir etməyib, birbaşa failin özündə baş vermişdir. Belə bir mef'ula (obyekt və ya subyektə) təsir etməyib, yalnız failin özündə baş verən fellərə qeyri-mütəəddi, yəni lazım fel deyilir.
Lazım, yəni qeyri-mütəəddi feli mütəəddi, yəni bir mef'ula (obyekt və ya subyektə) keçidli, təsir edə bilən felə çevirmək üçün, yəni keçidsiz feli keçidli etmək üçün 3 səbəb var.
Birincisi: qeyri-mütəəddi feli İF'AL vezninə daxil etməkdir. Yuxarıdakı lazım fel olan ذَهَبَ "getdi" feli bu baba daxil olunca keçmiş zamanı أَذْهَبَ "apardı, göndərdi", indiki zamanı يُذْهِبُ və məsdarı isə إِذْهَابٌ olur, misalı; أَذْهَبْتُهُ "Onu göndərdim" kimi. Burada artıq mütəəddi olan أَذْهَبَ feli özünə ـهُ zamirini mef'ul olaraq qəbul etmişdir.
İkincisi: qeyri-mütəəddi feli TƏF'İL vezninə daxil etməkdir. Lazım fel olan فَرِحَ "sevindi" feli bu baba daxil olunca keçmiş zamanı فَرَّحَ, indiki zamanı يُفَرِّحُ və məsdarı isə تَفْرِيحٌ olur, misalı; فَرَّحْتُهُ "Onu sevindirdim" kimi. Burada artıq mütəəddi olan فَرَّحَ feli özünə ـهُ zamirini mef'ul olaraq qəbul etmişdir.
Üçüncüsü: Lazım fel olan feli hərf-i cər istifadə edərək mef'ula keçidli etməkdir. خَرَجَ "çıxdı" feli lazım feldi, lakin hərf-i cər ilə özünə mef'ul qəbul edərək mütəəddi olur, misalı; خَرَجْتُ بِهِ "Onu çıxardım" kimi.
İlk iki üsul, yəni lazım feli İF'AL və TƏF'İL veznlərinə daxil edib mütəəddi etmək yalnız üç hərfli mücərrəd fellər üçün keçərlidir. Lakin hərf-i cər ilə lazım feli mütəəddi etmək üç və ya dörd hərfli, istər mücərrəd, istər məzid olsun, bütün fellər üçün keçərlidir.