8. Leysəyə Bənzər Olan Mâ və Lâ-nın Adı
وَ الثَّامِنُ؛ اِسْمُ مَا وَ لاَ الْمُشَبَّهَتَيْنِ بِلَيْسَ وَ حُكْمُهُ كَحُكْمُ الْمُبْتَدَإِ
وَ الثَّامِنُ Doqquz dənə olan mamul-u mərfuların səkkizincisi; اِسْمُ مَا وَ لاَ mâ və lâ ədatlarının isimləridir, yəni cümlə içində özlərinə isim aldıqları sözlərdir, elə mâ və lâ ki; الْمُشَبَّهَتَيْنِ o ikisi bənzərdir, müşabihtir, بِلَيْسَ leyse "deyil" ədatına, وَ حُكْمُهُ və bu mâ və lâ-nın özlərinə isim aldıqları sözün hökmü, ك kimidir, حُكْمُ الْمُبْتَدَإِ mübtəda olan sözlərin hökmü kimidir. Lakin bu mâ və lâ-nın cümlə içindəki xəbərləri isimlərinin önünə keçə bilməz. Bunu niyə deyirik, çünki mübtədanın xəbəri mübtədanın önünə keçə bilər. Burada hökmlər eynidir, amma mâ və lâ-da bu hökm eyni deyil.
Mətnin Ümumi Mənası: 9 dənə olan mamul-u mərfuların səkkizincisi leyse ədatına bənzəyən mâ və lâ ədatlarının özlərinə isim aldıqları sözlərdir. Bu sözlər mərfudur. Bu sözlərin hökmü mübtədanın hökmü kimidir, lakin xəbərləri isimlərinin önünə keçə bilməz. Misal;
مَا التَّكَبُّرُ لاَئِقًا لِلْعَالِمِ وَ لاَ حَسَدٌ حَلاَلاً
“Təkəbbür (kibir) alimə layiq deyil və həsəd halal deyil” tərkibində əvvəlcə mâ-dan başlanıldı. مَا sözü amildir, bildiyimiz kimi. Önünə aldığı التَّكَبُّرُ sözü mâ-nın ismidir və mərfudur, xəbəri isə لاَئِقًا olaraq mənsubdur. Lâ-ya gəldikdə, lâ amildir və önünə aldığı حَسَدٌ sözü onun ismidir və mərfudur, حَلاَلاً sözü isə lâ-nın xəbəri olaraq mənsubdur.