İf’âl اِفْعَالْ Babı
Birinci bab; اَفْعَلَ يُفْعِلُ اِفْعَالاً. Onun vezni; mazi اَكْرَمَ, muzari يُكْرِمُ, masdar اِكْرَامًا və alaməti; mazi felinin dörd hərfdən ibarət olması və əvvəlinə hemze əlavə olunmasıdır. Bu babın quruluşu adətən keçişli fel üçün olur, bəzən isə lazım fel də ola bilər. Keçişli felə misal: اَكْرَمَ زَيْدٌ عَمْرًا (Zeyd Amra ikram etdi). Lazım felə misal: أَصْبَحَ الرَّجُلُ (Adam səhərlədi).
Birinci bab, sülasi mücərrəd felin üzərinə bir hərf (hemze) əlavə edilməklə yaranan üç babdan birincisidir; mazisi اَفْعَلَ, muzarisi يُفْعِلُ, masdarı isə اِفْعَالاً veznindədir. Bu babın vezni mazidə اَكْرَمَ, muzaridə يُكْرِمُ, masdarda isə اِكْرَامًا formasında olur. Bu babın alaməti odur ki, sülasi mücərrəd olan mazi felin əvvəlinə hemze əlavə olunaraq dörd hərfli olur. Bu babın quruluşu çox vaxt keçişli fel üçün olur, amma bəzən keçişsiz fel də ola bilər. Keçişli felə misal: اَكْرَمَ زَيْدٌ عَمْرًا (Zeyd Amra ikram etdi) cümləsindəki اَكْرَمَ felidir. Bu اَكْرَمَ felinin əvvəlinə hemze əlavə olunmamışdan əvvəl كَرُمَ (səxavətli oldu) kimi keçişsiz mazi fel idi. Əvvəlinə hemze gətirildi və keçişli fel oldu. Bu babdan gələn lazım felə misal isə أَصْبَحَ الرَّجُلُ (Adam səhərlədi) cümləsindəki أَصْبَحَ felidir. Bu أَصْبَحَ felinin əvvəlinə hemze əlavə olunmamışdan əvvəl صَبَحَ (aydınlıq oldu) kimi keçişsiz mazi fel idi. Əvvəlinə hemze gətirildi və keçişli fel oldu. Buradan qısa olaraq bunu başa düşə bilərik: Sülasi mücərrəd felin əvvəlinə hemze (elif) gətiriləndə, əgər fel keçişsizdirsə, onu keçişli edir. Əgər fel artıq keçişlidirsə, bu zaman iki dəfə keçişli olur, yəni iki məful alır.